“Koronavirus pandemiyası ilə əlaqədar çempionat dayandırılmayana qədər cari mövsümü yaxşı keçirdim. Həm fərdi, həm də komanda cəhətdən. 19 matça çıxıb, dörd top vurdum. Komandam isə dördüncü yeri tutub, ilk dəfə Avropa Liqasına vəsiqə qazandı”.
Bunu Oxu.Az-a “Sumqayıt”ın futbolçusu Əmir Ağayev deyib.
Azərbaycan Premyer Liqasında cari mövsümün davam etdirilməyəcəyi qərara alınıb. Belə olan halda, dördüncü pillədəki “Sumqayıt” klubunun Azərbaycanı ilk dəfə Avropa Liqasında təmsil edəcəyi dəqiqləşib.
Azərbaycan əsilli israilli futbolçu “Sumqayıt”la tarix yazmalarından danışıb:
“Biz əla mövsüm keçirdik. Mövsüm ərzində bir ailə kimi olduq. Sumqayıt şəhəri bizim dövrümüzdə ilk dəfə avrokuboklarda təmsil olunacağı üçün çox gözəl hisslər yaşayıram.
Mənim “Sumqayıt”la müqaviləm başa çatıb. Ancaq hazırda karyeramı harada davam etdirəcəyimi deyə bilmərəm. Görək, necə olacaq. Hara getsəm də, Azərbaycan üçüncü dəfə qız atası olduğum ölkə kimi yaddaşımda qalacaq”.
28 yaşlı sol cinah yarımmüdafiəçisi İsrailə qayıdacağını bildirib:
“Tezliklə vətənim İsrailə qayıtmaq istəyirəm. İyunun 24-də İsrail burada qalan vətəndaşlarını təxliyyə etmək üçün Bakıya xüsusi təyyarə göndərəcək”.
Səbuhi Musayev