Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfərindən sonra jurnalistlərin suallarını cavablandırıb.
Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident futbolda davam edən qanunsuz mərc istintaqı ilə bağlı da danışıb.
O, prosesləri yaxından izlədiyini deyib:
"Futbol milyonlarla insan üçün əslində bir əyləncə vasitəsidir. Müəyyən bir ölkə və ya müəyyən bir bölgənin izlədiyi deyil, demək olar ki, bütün dünyanın stadionları ağzına qədər doldurub və ekranlardan izlədiyi bir istirahət vasitəsidir.
Nəticə etibarilə biz də futbolu gənclik illərimizdən indiki vəzifəyə gələnə qədər hər zaman izlədik, təqib etdik. İndi də xüsusilə televiziyada oyunları daim izləməyə davam edirəm. Ancaq bu son hadisələr bizi ciddi mənada kədərləndirib".
"Bütün bunların yanında biz futbolun əsil və təmiz ruhundan yanayıq. Mən məhkəmə mexanizminin ədalətli şəkildə işləməsindən sonra bunun da təmin ediləcəyinə inanıram. Haradan, hansı klubdan gəlsə də, A klubu, B klubu fərq etməz. Burada ədalət bizim üçün çox çox vacibdir.
Hazırda da məhkəmə bu vəzifəsini ən ideal şəkildə yerinə yetirir. Biz bu mübarizəni xüsusilə də tribunaların səsinə, gənclərin xəyallarına, bu millətin təmiz futbol həsrəti adına görə sonuna qədər davam etdirəcəyik" - deyə prezident vurğulayıb.