Bu gün burda olmağımızın səbəbi Azərbaycan prezidenti İlham Əliyevin ad günü ilə bağlı keçirilən Prezident Kubokudur. Yeddinci dəfə keçirilir. Azərbaycan Respublikası Atçılıq Federasiyası ilə birgə oktyabrda keçirilən görüşdə Etnosport Mədəniyyət Festivalında Qarabağ atlarını nümayiş etdirdik. Onlar da həmin vaxt məni bu yarışa dəvət etdilər.
Oxu.Az xəbər verir ki, bunu Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan deyib.
O, atası - Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın salamlarını çatdırdığını bildirib:
“Həm ölkə Prezidenti İlham Əliyevin ad gününü təbrik etməyə, həm də Azərbaycanın milli oyunu olan çövkəni izləməyə gəlmişik. Bundan öncə Gədəbəydəki Milli Yaylaq Festivalında da iştirak etmişdik. Bütün türk dünyasının ənənəvi idman növlərinə dəstək oluruq. Öz mədəniyyətimizə sahib olmağımız lazımdır”.
O bildirib ki, Azərbaycan Respublikası Atçılıq Federasiyası rəhbərlik etdiyi quruma üzv qəbul olunmağa yaxındır:
“Azərbaycanın da Dünya Etnosport Konfederasiyasına üzv olması üçün çalışırıq. 12 ölkə bura üzvdür. Azərbaycan fevralda Antalyada keçirilən forumumuza dəvət ediləcək. Orda 60-ya yaxın ölkədən nümayəndə iştirak edəcək.
Çövkəni Türkiyədə də tanıtmaq istəyirik. Türkiyədə keçirdiyimiz etno idman yarışlarına daxil edə bilərik 200 ildir ki, çövkən Anadoluda unudulmuş bir idman növüdür. Amma biz istəyirik ki, güləş kimi çövkənə də yer verək, öz ata idmanımız kimi tanıdaq”.
Qeyd edək ki, bu gün Binə Atçılıq Mərkəzində çövkən oyunu (polo) üzrə Prezident Kubokunun final mərhələsinə start verilib.
Səbuhi Musayev