Türkiyəli məşhur futbol şərhçisi Ertem Şener "Fənərbağça" klubunun "Turan Tovuz"la Bakıda keçirdiyi yoldaşlıq görüşündə futbolçuların davranışlarını tənqid edib.
Oxu.Az xəbər verir ki, Şener sosial şəbəkə hesabında paylaşdığı videoda Meyson Qrinvud və Matteo Genduzinin meydandakı hərəkətlərinə etirazını bildirib.
Şener hazırlıq matçında belə davranışların yolverilməz olduğunu deyib və "Turan Tovuz"un büdcəsinin "Fənərbağça"dan daha aşağı olduğunu xatırladıb.
O, azarkeşlərin komandanı dəstəkləmək üçün stadiona gəldiyini vurğulayaraq futbolçuların rəqib oyunçulara qarşı sərt hərəkətlərini tənqid edib.
"Qrinvudun, Genduzinin etdiyi ayıbdan danışım? Orada hazırlıq oyunu keçirilir. "Turan"ın büdcəsi səndən daha aşağıdır. Azərbaycanlı qardaşlarımız səni dəstəkləməyə gəliblər, sən də güləşçi kimi birini yerə yıxırsan, birinin ayağına vurursan. Nə edirsiniz? Bu nədir belə?" - deyə Şener bildirib.