Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının beşinci mərhələsinin qalibləri mükafatlandırılıblar.
“Report”un məlumatına görə, Beyləqan-Şuşa marşrutu üzrə 132,2 km məsafəni hamıdan öndə tamamlayan ilk üç idmançı üçün mükafatlandırma mərasimi təşkil olunub.
İtaliyalı Emanuele Ansaloni qızıl, Rumıniya yığmasının üzvü Kristian Raileanu gümüş, Ansaloninin komanda yoldaşı Martin Nessler isə bürünc medala yiyələniblər.
Ümumi turniri qazanan Ansaloni sarı formanı da heç kimə verməyib. Azərbaycan millisinin üzvü Samir Cəbrayılov ən yaxşı dağ velosipedçisi kimi qırmızı formanı özündə saxlayıb. Qazaxıstanın “Astana” klubunun idmançısı Remxi Rudolf ən yaxşı gənc velosipedçi kimi ağ forma alıb.
Komanda hesabında isə İtaliyanın “Team Technipes” klubu çempion olub.
Qaliblərə mükafatlarını gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, yarışın marşrut üzrə direktoru Elçin Qəhrəmanov, daxili işlər nazirinin müavini İsmət Əliyev və Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi İlqar Nəzərov təqdim ediblər.
15:42
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı başa çatıb.
“Report”un məlumatına görə, bu gün beşinci - sonuncu mərhələ keçirilib.
Axırıncı raundda Beyləqan İcra Hakimiyyətinin qarşısından başlayan mübarizə Şuşa şəhərinin girişində yekunlaşıb.
İdmançılar bu istiqamət üzrə 132,2 km məsafə qət ediblər. Son yarışda finişə hamıdan tez çatan velosipedçi yenə italiyalı Emanuele Ansaloni olub. 2-3-cü yerlərdə Rumıniya millisinin üzvləri qərarlaşıblar. İkinci yeri Kristian Raileanu, üçüncülüyü isə Adi-Narçis Marçu tutub.
Son turda da liderliyi heç kimə verməyən Ansaloni “Əziz Şuşa” turnirinin ümumi qalibi adına yiyələnərək, sarı formanı özündə saxlayıb.
Azərbaycan millisinin idmançısı Samir Cəbrayılov bu dəfə də ən yaxşı dağ velosipedçisi olaraq, qırmızı formaya layiq görülüb. Komanda hesabında İtaliyanın “Team Technipes” klubu turniri birinciliklə yekunlaşdırıb.
Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 7-də Bakıda start verilmişdi.
10:58
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının sonuncu - beşinci mərhələsinə Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından start verilib.
Oxu.Az xəbər verir ki, velosipedçilər bu mərhələdə Beyləqan-Şuşa marşrutu üzrə 132,2 kilometr məsafə qət etdikdən sonra Azərbaycanın zəfər rəmzi olan Şuşa şəhərinin girişindəki finiş xəttinə çatacaqlar.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planına daxil edilən 2.2 kateqoriyalı yarışın dördüncü mərhələsinin qalibi İtaliyanın “Team Technipes İnemiliaromagna” komandasının velosipedçisi Alessandro Monaco, ikinci yerin sahibi onun komanda yoldaşı Emanuele Ansaloni olub, üçüncü yerdə isə Qazaxıstan komandasının üzvü Rudolf Remkhi qərarlaşıb.
09:23
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı bu gün başa çatacaq.
“Report”un məlumatına görə, beşinci - sonuncu mərhələ Beyləqandan Şuşaya doğru nəzərdə tutulub.
Velosipedçilər Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısından Şuşa şəhərinin girişinə qədər 134,9 km məsafə qət edəcəklər. Bununla da yarışın ümumi qalibi müəyyənləşəcək.
Qeyd edək ki, iyunun 7-də Bakıdan start götürən “Əziz Şuşa” beynəlxalq velosiped yarışına hazırda italiyalı Emanuele Ansaloni liderlik edir. Turnirin nəticələrinə əsasən, velosipedçilər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazana biləcəklər.