Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin məqsədi qrup mərhələsini ikinci yerdə tamamlamaqdır.
Oxu.Az xəbər verir ki, bunu yığmanın baş məşqçisi Famil Xəlilov İsrail üzərində 3:1 hesablı qələbədən sonra açıqlamasında deyib.
Mütəxəssis futbolçuların məğlubiyyətdən sonra toparlanaraq uğurlu nəticə əldə etmələrini müsbət qiymətləndirib:
"Futbolçuları təbrik edirəm. Onlar qələbəyə layiq idilər. Məğlubiyyətdən sonra ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşaraq geridönüş etməyi bacardılar. Uşaqlar təzyiqin öhdəsindən gəldilər. Bu da bizi sevindirən məqamlardan biridir".
Baş məşqçi qrupdakı vəziyyətə də münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan və Haiti yığmaları ikinci pillə uğrunda mübarizə aparırlar:
"Avstraliya qrupu böyük ehtimalla lider kimi başa vuracaq. Bizim və Haiti komandasının 9 xalı var. Növbəti oyunda qazanacağımız heç-heçə və ya qələbə qrupu ikinci pillədə bitirməyimizi təmin edəcək. Bütün diqqətimizi buna yönəltmişik. Oktyabrın 27-dən sonra B qrupundakı rəqiblərimiz bəlli olacaq. Mübarizəni həmin qrupda da davam etdirəcəyik və bizi orada beş oyun gözləyir".
Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı isə 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3 hesabı ilə uduzub.
Dünyanın 189 ölkəsinin FIFA-ya üzv assosiasiyalarını təmsil edən komandalarının iştirak etdiyi turnirdə ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Oktyabrın 30-dək davam edəcək yarış Hövsan Yarış Kompleksində təşkil olunur. Turnirin finalı isə Bakı Kristal Zalında keçiriləcək.