AİBA Pro Boxing turnirində 69 kq-da çıxış edən Rusiya idmançısı Andrey Zamkovoya uduzan Azərbaycan boksçusu Fariz Məmmədov yarışdan kənarlaşdırılır.
Oxu.Az Sportpress.az-a istinadən xəbər verir ki, buna səbəb boksçumuzun Zamkovoyla keçirdiyi döyüşdə ciddi zədələnməsidir.
Fariz Məmmədovun burnu iki yerdən sınıb və buna görə onun ən azı 2 ay məşq edə bilməyəcəyi gözlənilir. AİBA Pro Boxing turnirində isə boksçular hər ay bir döyüş keçirməlidir. Belə olan halda Fariz noyabrdakı görüşdə iştirak edə bilməyəcək və yarışda iştirakını dayandıracaq.
Fariz Məmmədov açıqlamasında zədəsinin ciddi olduğunu etiraf edib: “Burnum iki yerdən sınıb. AİBA həkimləri Zamkovoyla görüşü yarımçıq saxlamaq istəsələr də buna imkan vermədim. Həkimlər 2-3 ay məşq edə bilməyəcəyimi söyləyir. Ona görə sizə dəqiq cavab verə bilməyəcəm. Amma noyabrdakı görüşə hazırlaşmaq mümkün olmayacaq. Yəqin ki, cari mövsüm lisenziya qazana bilməyəcəm. Gələn il bu məqsəd üçün çalışacam. 2016-cı ildə keçiriləcək olimpiadaya lisenziya qazanmaq ən böyük arzumdur.”
Boksçumuzdan fərqli olaraq Azərbaycan millisinin məşqçisi Nəriman Abdullayev xəbəri təsdiqləyib. Onun sözlərinə görə, Farizin belə halda yarışması real görünmür: “Milli komandanın həkimi üstəlik AİBA nümayəndələri də boksçunun müalicəyə ehtiyacı olduğunu bilir. Farizin burnu sınıb. Belə halda o nəinki məşq, adi təmrinləri də yerinə yetirə bilməz. Ona görə boksçu turnirdə mübarizəni davam etdirməyəcək. Onu başqa boksçuyla əvəz etmək də mümkün deyil”.
Qeyd edək ki, Fariz Məmmədovdan əvvəl ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov xəstələndiyi üçün AİBA Pro Boxing turnirində iştirakdan imtina edib.