“Rafael Ağayev bir əfsanədir. Bunu bütün dünya bilir. 2008-ci ildə Tokioda keçirilmiş dünya çempionatında Rafael iki qızıl medal qazanıb. Böyük inamla gəlib finala çatdıq. Söz verdik ki, qızıl olacaq. Təəssüflər olsun ki, belə alındı. Amma gələcəkdə keçiriləcək yarışlarda Tokio tatamisində mütləq qızıl medal olacaq”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.
O bildirib ki, idmanda heç nəyi əvvəldən bilmək olmur: “Bu, yalnız bizdən yox, hakimlərdən, ətrafda olan mühitdən, bəxtdən də asılıdır. Məsələn, Türkiyənin bir nömrəli idmançılarından Uğur Aktaş üçüncü oldu, 55 kq çəkidə favorit olan Serap Özçelik yer tuta bilmədi. İrina Zaretskayanın məğlub etdiyi yapon Ayumi Uekusa dünya çempionu idi, ağır çəkidə bir nömrə idi. Amma yer tuta bilmədi. Digər yaponiyalı Ryutaro Araqanın özü üçüncü yeri güclə tutdu. Bəhanə gətirmirəm. Demək istəyirəm ki, hər bir azərbaycanlı fəxr edə, çox sevinə bilər ki, 200-dən çox ölkə arasında iki final görüşünə çıxdıq”.
Kumitedə cəmi altı final olduğunu xatırladan Bəşirov onun ikisində Azərbaycan karateçilərinin iştirak etdiyini söyləyib: “Bunda da birinci olduq. Amma qızıl olsaydı super, daha gözəl olardı. Bu, tarixdir. Çünki karate ilk dəfədir Olimpiya proqramına daxil edilmişdi. Mütləq o “qızıl”ı götürməli idik. Amma fərqli də ola bilərdi. Təsəvvür edin ki, üçqat dünya çempionu Hacı Əliyev kimi idmançı da çox istəyirdi qızıl qazansın. Onu da təbrik edirik. Bu gün belə alındı. Başqa cür də ola bilərdi. Ya hamısı qızıl olardı, ya heç o da olmazdı”.
Rafael Ağayevin şəxsi məşqçisi olan Füzuli Musayev isə bunları söyləyib: “Rafael Ağayev karatedə ilk addımlarını məşqçi Rafael Məmmədovla atıb. 8-9 yaşından mənim yanımda məşq keçir. Əfsuslar olsun ki, bizim vaxtımızda karate Olimpiya idman növü deyildi deyə, idmançı kimi iştirak edə bilmədik. Ancaq tələbəmizin orada iştirak etməsi bizim üçün ən böyük sevincdir. Biz də istərdik ki, qızıl medal olsun. Amma gümüş medal da pis nəticə deyil. Ümid edirəm ki, Parisdəki Olimpiadada daha yaxşı nəticələr olacaq”.
Səbuhi Musayev