Federasiya hər zaman sağlam idmanın tərəfdarıdır. Həmişə idmançılara qadağan olunmuş preparatlar və onlardan istifadənin zərərləri barədə maarifləndirici seminarlar keçirik. Ancaq təəssüflər olsun ki, bunun müqabilində bəzi idmançılar kobud səhvlərə yol verirlər və bunlar da idmançının özü üçün ağır olur. İdmançıda dopinq tapılması bizi də federasiya olaraq zərbə altında qoyur.
Bunu Oxu.Az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından bildiriblər.
Azərbaycan Milli AntiDopinq Agentliyi (AMADA) artıq üçüncü velosipedçini dopinqdən istifadəyə görə cəzalandırıb. Bunlar Osman Qəhrəmanov, Ramazan Əliyev və Qadir Mustafayevdir.
Sonuncu cəzalanan idmançı Qadir Mustafayev dörd illik sanksiya ilə üzləşib. Federasiyadan bu idmançı ilə bağlı fikir bildiriblər:
“Bu idmançı öz səhvinin qurbanı olub. Onun orqanizmində tapılan maddə özünün səhlənkarlığı və bağışlanmaz səhvinin nəticəsidir. Buna görə başqasını günahlandırmaq olmaz. Çünki bu qədər maarifləndirmə işlərin görülməsinə baxmayaraq, idmançı bağışlanmaz səhvə yol verir.
Federasiya olaraq belə bir idmançını itirmək bizə də xoş deyil. Amma səhvi varsa, cəzasını da çəkməlidir. Ümid edirik ki, Qadir Mustafayev faktı digər idmançılarımıza da dərs olacaq ki, heç vaxt düşünülməmiş addım atmasınlar. Adi bir dərman belə atıldıqda federasiyanın həkimi ilə məsləhətləşməlidirlər. Şəxsi məşqçilərə də hər zaman tapşırılır ki, idmançılarına nəzarət etsinlər”.
Qeyd edək ki, Qadir Mustafayev şose velosipedi yığmamızın üzvü kimi Avropa və dünya çempionatlarının iştirakçısı, daxili yarışların mükafatçısı olub.
Səbuhi MUSAYEV