FIFA və Səudiyyə İnkişaf Fondu (SFD) inkişaf etməkdə olan ölkələrdə stadionların və əlaqəli infrastrukturların tikintisi və modernləşdirilməsi üçün bir milyard dollara qədər güzəştli kreditlərin verilməsi barədə saziş imzalayıblar.
Oxu.Az bu barədə sovsport.ru-ya istinadən xəbər verir.
"FIFA-nın rolu dünya miqyasında futbolu inkişaf etdirməkdir və bir çox assosiasiyaya yarışları keçirmək üçün infrastrukturun modernləşdirilməsində əlavə dəstək lazımdır. Bu saziş assosiasiyalarımızın futbolun həqiqətən qloballaşması üçün lazım olan şəraitlə təmin edilməsinə yönələn vacib bir addımdır", - deyə FIFA prezidenti Canni İnfantino bildirib.
İnkişaf etməkdə olan ölkələrə və onların futbol assosiasiyalarına yönəlmiş proqram infrastruktura investisiyaların qoyuluşunu dəstəkləməyi, yeni imkanlar yaratmağı və bütün səviyyələrdə idmanda iştirakın təşviqini hədəfləyir.