“Bakı şəhəri və “Formula - 1” üçün nəzərdə tutulmuş tras (Bakı Şəhər Halqası - red.) yarışlara hazırdır”.
Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi və “Formula-1” yarışları üzrə direktoru Çarli Vaytinq jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı Şəhər Halqası keçən ilə nisbətən daha hazırlıqlıdır.
“Mənim fikrimcə, Bakı trası mürəkkəbdir və sürücülər üçün çağırışdır. Buradakı trek sürücülər üçün özəldir. Bunun nəticəsində Bakıdakı “Formula 1” üzrə yarışa maraq daha da artır”.
Onun sözlərinə görə, bu il “Formula 1” bolidləri və təkərlərinin bir qədər enlənməsi səbəbindən ötən ildən daha yüksək sürətin olması gözlənilmir: “Ötən il maksimal sürət 378 km/saat olmuşdu. Bu il də o qədər və ya bir qədər az sürətin olması nəzərdə tutulur. Lakin bu il halqa rekordu qırıla bilər və böyük ehtimalla qırılacaq”.
Elvin Əhmədov
www.oxu.az