"Formula-1" kateqoriyasında ikinci sərbəst yürüş başa çatdı.
Oxu.Az xəbər verir ki, sessiyada ən yaxşı nəticəni "Ferrari" komandasının pilotu Lyuis Hemilton göstərib.
İkinci pillədə onun komanda yoldaşı Şarl Lekler, üçüncü də isə "Mercedes" komandasının üzvü Corc Rassel qərarlaşıblar.
Bununla da "Formula-1" Azərbaycan Qran-prisinin ilk günü başa çatıb.
"Formula-1" kateqoriyasında ikinci sərbəst yürüş başlayıb.
Oxu.Az xəbər verir ki, bundan öncəki sessiyada olduğu kimi, yürüş 1 saat davam edəcək.
"Formula-2" kateqoriyasında sıralama turu başa çatdı.
Oxu.Az xəbər verir ki, ən yaxşı nəticəni DANS komandasının üzvü Cek Krouford göstərib.
Onun ardınca "Invicta racing" komandasının üzvü Leonardo Farnaroli ikinci, "Prema racing" komandasının üzvü Qabriel Mini isə üçüncü gəlib.
"Formula-2" kateqoriyasında sıralama turunda dəhşətli qəza baş verib.
Oxu.Az xəbər verir ki, Roman Stanekin idarə etdiyi bolid Con Bennetin idarə etdiyi bolidlə toqquşub.
Nəticədə sıralama turu qırmızı bayraqla dayandırılıb və daha bərpa olunmayacaq.




ART GP komandasının fransalı sürücüsü Viktor Martenin idarə etdiyi bolidin qəzaya uğraması səbəbi ilə dayandırılan "Formula-2" sıralama turu davam edir.
Oxu.Az xəbər verir ki, bolid kran vasitəsilə trekdən kənarlaşdırılıb və bundan sonra yürüş davam edib.
"Formula-2" kateqoriyasında sıralama turunda qəza baş verib.
Oxu.Az xəbər verir ki, ART GP komandasının fransalı sürücüsü Viktor Martenin idarə etdiyi bolid 3-cü döngədə qəzaya uğrayıb və alışıb. Nəticədə sıralama turu qırmızı bayraqla dayandırılıb.
"Formula-2" kateqoriyasında sıralama turu başladı.
Oxu.Az xəbər verir ki, turun nəticəsinə görə şənbə və bazar günlərində keçiriləcək yarışlarda komandaların start düzülüşü formalaşacaq.





Daha çox foto burada: PhotoStock.az
"Formula-1" kateqoriyasında ilk sərbəst yürüş başa çatdı.
Oxu.Az xəbər verir ki, sessiyada ən yaxşı nəticəni "McLaren" komandasının üzvü Lando Norris göstərib.
İkinci pillədə onun komanda yoldaşı, çempionatın lideri Oskar Piastri, üçüncüdə isə "Ferrari" komandasının üzvü Şarl Lekler qərarlaşıblar.
"Formula-1" kateqoriyasında ilk sərbəst yürüş davam edir.
Oxu.Az xəbər verir ki, marşallar 16-cı döngədə kənar elementləri təmizlədikdən sonra qırmızı bayraqlar yaşıl bayraqlarla əvəz olunub və yürüş davam edib.
Sürücülərdən birinin porebriklərə aqressiv hücumu maşının elementlərinin qırılması ilə nəticələnib.
Oxu.Az xəbər verir ki, trasa kənar elementlər düşdüyü və sürücülərə təhlükə mənbəyi olduğu üçün sərbəst yürüş qırmızı bayraqla dayandırılıb. Tras təmizləndikdən sonra yürüş davam edəcək.
"Formula-1" kateqoriyasında ilk sərbəst yürüş başladı.
Oxu.Az xəbər verir ki, bir saat davam edəcək sessiya komandalara bolidləri trekə adaptasiya etmək, son sazlamaları həyata keçirmək baxımından önəm kəsb edir.





Daha çox foto burada: PhotoStock.az
"Formula-2" kateqoriyasında sərbəst yürüş başa çatdı.
Oxu.Az xəbər verir ki, sessiyada ən yaxşı nəticəni "Rodin Motorsport" komandasının üzvü Aleks Dan göstərib.
İlk üçlüyü isə DAMS komandasının sürücüsü Cek Krouford və "Haytek" komandasının sürücüsü Dino Beqanoviç.
"Formula-2" kateqoriyasında sərbəst yürüş başlayıb.
Oxu.Az xəbər verir ki, gənc sürücülər 45 dəqiqəlik sessiya ərzində Bakının küçələrinə uyğun sazlanmalar axtaracaqlar, təkərlərin effektivliyini dəyərləndirəcəklər. Komandalar isə bazar günü baş tutacaq yarış üçün strategiyalar müəyyənləşdirəcəklər.
Mövsümün sonuna 3 mərhələ qalmış titula namizəd olan 7 sürücü arasında gərgin mübarizənin olacağı gözlənilir.






Daha çox foto burada: PhotoStock.az
"Formula-1" üzrə Azərbaycan Qran-prisi başlayır.
Oxu.Az xəbər verir ki, bu gün Bakı sayca 9-cu yarışa ev sahibliyi edəcək.
Əvvəlcə saat 10:00-da "Formula-2" kateqoriyasında sərbəst yürüş baş tutacaq. Daha sonra 12:30-da "Formula-1" kateqoriyasında ilk sərbəst yürüş, 14:00-da "Formula-2" kateqoriyasında sıralama turu, ardınca isə 16:00-da "Formula-1" kateqoriyasında ikinci sərbəst yürüş başlayacaq.
Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi üç gün davam edəcək. Sentyabrın 20-də "Formula-1" üzrə sərbəst yürüşlər, "Formula-2" üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 21-də əsas yarış baş tutacaq.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
Fərid Novruzov