“Formula-1” üzrə Azərbaycan Qran-prisinin media qeydiyyatına başlanılıb.
Oxu.Az-a verilən məlumata görə, bu gündən etibarən yarışın yerli media nümayəndələrinin akkreditasiyasına start verilib.
Qeydiyyat prosesi saat 13:00-da başlayıb, 14 aprel saat 17:00-da yekunlaşacaq.
Qeyd edək ki, 10-12 iyun tarixlərində baş tutacaq “Formula-1” Azərbaycan Qran-prisi də daxil olmaqla, “Formula-1” üzrə dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı prosesi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən icra olunur.
Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi akkreditasiya səhifəsinə daxil olaraq, müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidir. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
Yerli jurnalistlərdən ölkə daxilindəki COVID-19 qaydalarına riayət olunması tələb olunacaq. 2022-ci il yarışlarına COVID-19 virusuna qarşı 2 doza vaksin vurdurmuş və “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti bitməmiş yerli jurnalistlər akkreditasiya ala biləcəklər. Peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş media nümayəndələrindən buster dozanı vurdurmaları xahiş olunacaq. Vaksinasiya ilə bağlı şəxsi məlumatlar artıq akkreditasiya üçün ərizə formasında tələb olunacaq.