Fransa polisi "Formula-1" üzrə dördqat dünya çempionu Alen Prostun evinin qarət edilməsində şübhəli bilinən şəxsləri saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti Pontuaz şəhər prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində 21-22 yaşlarında üç nəfər, eləcə də 16-17 yaşlarında iki yeniyetmə saxlanılıb.
Prokurorluqdan verilən məlumata görə, iyulun 1-də saxlanılan şübhəlilər silahlı soyğunçuluqda ittiham olunurlar. Yetkin yaşda olan təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, yeniyetmələr isə məhkəmə nəzarətinə verilib. Onları 30 ilədək həbs cəzası gözləyir.
Xatırladaq ki, "Formula-1" əfsanəsinə qarşı soyğunçuluq hadisəsi may ayında baş verib. Maskalı şəxslər keçmiş pilotun evinə daxil olaraq fiziki zor tətbiq ediblər. Nəticədə Alen Prost kəllə-beyin travması alıb. Hücumçular zor tətbiq etməklə çempionun oğlunu ailəyə məxsus seyfi açmağa məcbur ediblər.
Alen Prost "Formula-1"də 13 mövsüm çıxış edib, 1985, 1986, 1989 və 1993-cü illərdə dünya çempionu olub. Karyerasını başa vurduqdan sonra o, 1997-2001-ci illərdə fəaliyyət göstərən "Prost Grand Prix" komandasını yaradıb.