Fransada davam edən iri meşə yanğınları səbəbindən "Tour de France" velosiped yarışının sonuncu mərhələsinin marşrutu qısaldılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Paris Polis Prefekturası məlumat yayıb.
Bildirilib ki, Jironda departamenti başda olmaqla ölkənin müxtəlif bölgələrində baş verən yanğınlarla mübarizəyə daha çox qüvvə cəlb edilməsi üçün Daxili İşlər Nazirliyi yarışın təhlükəsizliyinə ayrılmış qüvvələrin bir hissəsini yanğın bölgələrinə yönəldib.
Bu qərara əsasən, yarışın 21-ci mərhələsinin məsafəsi 133 kilometrdən 89 kilometrə endirilib. Velosipedçilər Parisdə Monmartr təpəsində finişə çatmazdan əvvəl Yelisey çöllərində əlavə iki dövrə vuracaqlar.
Fransanın daxili işlər naziri Loran Nünes bildirib ki, 2026-cı ilin əvvəlindən ölkədə yanğınların əhatə etdiyi ərazi rekord həddə - təxminən 100 min hektara çatıb. Ən ağır vəziyyət Jironda və Land departamentlərində qeydə alınıb. Bu ərazilərdən ümumilikdə 197 min nəfər təxliyə edilib.
Prezident Emmanuel Makron yanğınların söndürülməsinə hərbçilərin cəlb olunmasını tapşırıb. Bundan əlavə, 20 min litr su daşıya bilən eksperimental qurğu ilə təchiz olunmuş "Airbus A400M" hərbi-nəqliyyat təyyarəsi də yanğınların söndürülməsinə cəlb edilib.