Türkiyə futbolunda son günlər ard-arda baş verən hadisələr UEFA-nın da diqqətini çəkib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdunun və bəzi hakimlərin saxlanılması, eləcə də 448 klub rəhbərinin qanunsuz mərc oyunlarına görə Peşəkar Futbol İntizam Şurasına (PFDK) verilməsi Avropa futbol qurumunun ciddi reaksiyasına səbəb olub.
Hazırda UEFA Türkiyədə cərəyan edən bu prosesləri çox yaxından izləyir. UEFA Türkiyə Futbol Federasiyasına (TFF) müşahidəçi göndərmək üçün hazırlıqlara başlayıb.
Ali futbol qurumunun Türkiyədəki hakim təyinatları sistemi və mərc oyunları ilə bağlı aparılan istintaqı birbaşa nəzarətə götürəcəyi planlaşdırılır. Lakin xüsusi müşahidəçinin təyin olunması ilə bağlı UEFA tərəfindən hələlik rəsmi bəyanat verilməyib.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı "Hakimlər işi" araşdırması çərçivəsində MHK sədri Ferhat Gündoğdu ilə yanaşı, Superliqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel də saxlanılıblar. Araşdırmada hakim təyinatları ilə bağlı yazışmaların da ortaya çıxdığı bildirilir.
Sənədlərdə Gündoğdu ilə Yasin Kol arasında hakim və VAR təyinatları ilə bağlı yazışmaların olduğu, bəzi təyinatların dəyişdirilməsinin müzakirə olunduğu qeyd edilir.
Bundan başqa, TFF son beş ildə Superliqa və 1-ci Liqa klublarında rəhbər vəzifəsində çalışmış və vəzifədə olduğu müddətdə mərc oyunları oynadığı müəyyənləşdirildiyi bildirilən 448 şəxsi PFDK-ya göndərib. Onların 171-nin Superliqa klubları ilə əlaqəli olduğu açıqlanıb.