İngiltərənin "Hall Siti" klubunun və Uels millisinin futbolçusu Sorba Tomas məşqə gedərkən qəzaya düşüb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, hadisə İngiltərənin Kottingem şəhərində Millhaus Vuds Leyn küçəsində baş verib.
27 yaşlı futbolçunun idarə etdiyi boz rəngli "Land Rover Defender" avtomobili aşıb və ciddi zədələnib. Polis hadisə yerində təcili xidmətlərin işini davam etdirdiyini, qəzanın səbəblərinin araşdırıldığını bildirib.
"Hall Siti" isə rəsmi açıqlamasında futbolçunun vəziyyətinə aydınlıq gətirib:
"Klub sosial şəbəkələrdə Sorbaya məxsus avtomobilin görüntülərindən xəbərdardır və azarkeşləri əmin edə bilər ki, futbolçu heç bir xəsarət almayıb və avtomobildən tamamilə salamat çıxıb".
Qeyd edək ki, Sorba Tomasbu transfer pəncərəsində "Stok Siti"dən "Hall Siti"yə keçib və klubla dördillik müqavilə imzalayıb. O, "Stok Siti"nin heyətində 52 oyunda 10 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Tomas Uels millisində isə 27 oyun keçirib və 2 qol vurub.