"Biz bilirik ki, "Sabah" çox yaxşı komandadır".
Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında İsrailin "Hapoel Beer-Şeva" klubunun baş məşqçisi Ran Kojuk deyib.
* İsrail klubunun qapıçısı Bakıdakı oyunla bağlı DANIŞDI
O, "Sabah"la qarşılaşmanın komandası üçün yaxşı təcrübə olduğunu bildirib:
"Onlarla oyun keçirmək bizim üçün yaxşı təcrübədir. "Sabah" təhlükəli kombinasiyalar qura bilən komandadır. Düşünürəm ki, ilk oyundakı 2:1 hesablı qələbə cavab qarşılaşması öncəsi bizim üçün yaxşı üstünlükdür. İkinci oyunda da üstünlüyümüzü qoruyaraq qələbə qazanmaq istəyirik.
Azərbaycan mediasında "Sabah"ın üstünlüyü qeyd olunur. Mən bu fikirlə razıyam və rəqibə qarşı oyuna məhz bu düşüncə ilə hazırlaşırıq. Futbolçularımız nə istədiklərini bilirlər və hansı məqsədə çatmaq istədiklərinin də fərqindədirlər.
Ümid edirik ki, oyundan sonra sevincimiz davam edəcək. Bu qarşılaşmanın bizə uğur gətirəcəyinə və Çempionlar Liqasında mübarizəni davam etdirəcəyimizə ümid edirəm.
"Sabah"ın heyətində çox yaxşı futbolçular var. Onlar həm texniki, həm də fiziki hazırlıq baxımından güclüdürlər. Kifayət qədər təcrübəli oyunçuları da var", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Sabah" - "Hapoel Beer-Şeva" matçı saat 20:45-də başlayacaq.
Xatırladaq ki, komandalar arasında İsraildə keçirilən ilk qarşılaşma "Hapoel Beer-Şeva"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.