Çempionlar Liqasının ilk finalçısı müəyyənləşdi. Lakin bu hamının gözlədiyi kimi, “Barselona” deyil... “Liverpul”un əzmkar oyunu Kataloniya klubunun azarkeşlərinin arzusunu ürəyində qoydu.
Salah, Firmino və Keytasız
Cavab qarşılaşmasından əvvəl “Liverpul” üç əsas futbolçusunu itirmişdi. İngiltərə Premyer Liqasının son turunda “Nyukasl”a qarşı oyunda “qırmızı”ların əsas ulduzu, misirli Məhəmməd Salah oyunu xərəkdə tərk edir. Hücumçuya beyin silkələnməsi diaqnozu qoyulur və o, “Barselona” ilə oyunu buraxmalı olur.
Salah özü stadiona “heç vaxt təslim olma” yazılı futbolka ilə gəlir. Salahdan əlavə, braziliyalı Roberto Firmino və qvineyalı Nabi Keyta da oyunu zədə səbəbindən buraxmalı olurlar.
“Barselona” isə Primeranın son turunda “Selta”ya qarşı oyunda əsas oyunçuları Suarez və Messiyə istirahət verir.
Erkən qol
“Enfild” futbolçularını möhtəşəm mahnılarla qarşılayır.
“Liverpul” ilk dəqiqələrdən hücuma keçir və artıq matçın 7-ci dəqiqəsində Divok Oriqi oyunda hesabı açaraq azarkeşləri ümidləndir. Klopp bunun başlanğıc olduğunu hiss edir və yanılmır.
Düzdür, bundan sonra ilk hissədə təşəbbüsü “Barselona” futbolçuları ələ keçirirlər. Lakin onların bütün cəhdləri uğursuz olur. Son anda ya hücumçuları dəqiq olmur, ya da qapıçı Alison Beker kataloniyalılara sevinməyə imkan vermir.
Oyunun taleyini ikinci hissədə Robertsonun zədələnməsindən sonra meydana daxil olan hollandiyalı Veynaldum həll edir. İki dəqiqəyə dubl edən yarımmüdafiəçi “Enfild”i coşdurur.
Və budur 79-cu dəqiqə. Künc zərbəsindən sonra başlarını itirmiş “Barselona” futbolçuları, Divok Oriqi və 4:0.
“Enfild” sevincdən göz yaşlarına boğulur, ispaniyalılar isə sanki yuxudadırlar. Messi və Suarez isə elə bil istirahətdən qayıtmayıblar.
Üç qol onlara azdır
Bu oyundan sonra, hər kəs 14 il əvvəl, 2005-ci ildə keçirilən İstanbul finalını yada saldı.
Şevçenkolu “Milan”la matçda ilk hissədən sonra qapısından üç qol buraxan mersesaydlılar ikinci hissədə heç kimin gözləmədiyini etdilər – 3:3. Ardınca penalti zərbələrində daha dəqiq olaraq kuboku başları üzərinə qaldırdılar.
Heç vaxt təslim olma - FOTO/VİDEO
Seymur Baxşev