Niderlandın Veyk an Zee şəhərində keçirilən “Tata Steel Chess” turniri başa çatıb.
Oxu.Az xəbər verir ki, yarışın bağlanış mərasimində şahmatçımız Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibi məlum olub.
Bu dəfə əsas və “challenge” yarışı üzrə fərqlənən şahmatçılar təltif olunub. Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Rameşbabu Praqnananda (Hindistan) və Ervin Lamiyə (Niderland) verilib. Lami Vüqar Həşimov adına mükafata ikinci dəfə layiq görülüb.
Qeyd edək ki, Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat 2016-cı ildən verilir.
Xatırladaq ki, bu turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsendən sonra ikinci olub. 16 yaşlı Rameşbabu Praqnananda isə bu yarışda 14 iştirakçı arasında 12-ci olub.