Dünəndən sosial şəbəkələrdə Azərbaycanın məşhur futbolçusu Kamran Ağayevin İdman Azərbaycan kanalına verdiyi müsahibədə polislərlə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.
Oxu.Az Azxeber.com-a istinadən xəbər verir ki, futbolçu müxbirin “Heç DYP əməkdaşlarının sizi saxladığı olubmu?” sualına belə cavab verib:
“Əksəriyyəti məni tanıyır. Yüksək dərəcədə hörmət edirlər mənə. Elə vaxt olur ki, mən radara düşürəm. Mənim qeydiyyatda olduğum rayonda isə DYP əməkdaşları elə olur ki, öz ciblərindən xərc çəkib mənim radarlarımı silirlər. Adam lap xəcalət çəkir. Efir vasitəsi ilə deyirəm ki, sağ olsunlar. Heç bilmirəm xəcalətlərindən necə çıxım”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Kamran Ağayevin fikirlərinə münasibət bildirib:
“Bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Mən özüm heç Kamranı tanımıram. Bu xəbəri araşdırıb sizin sualınıza cavab verəcəm”.