Ronni Koulmen üçün fiziki güc sadəcə idman deyil, bütöv bir həyat fəlsəfəsi idi. O, gücü özünün həyat tərzinə çevirməyi bacarmışdı.
Məşq zalında nəhəng çəkilərin altında olarkən onun üçün heç bir sərhəd mövcud deyildi. Ağır ştanqlar, ekstremal çəkilər və saatlarla davam edən yorucu məşqlər Koulmenın karyerasının ayrılmaz bir parçası idi. Məhz bu fədakarlığın nəticəsində o, dünya bodibildinqinin ən yüksək zirvəsinə qalxdı.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə bodibildinq tarixinin ən böyük əfsanələrindən biri, 8 qat "Mr. Olympia" çempionu, vaxtilə yüzlərlə kiloqramlıq çəkilərə meydan oxuyan, lakin karyerasını bitirdikdən sonra öz bədəni ilə ən ağır sınağa çəkilən Ronni Koulmenin diqqətçəkən həyat hekayəsini təqdim edirik.
İdmançı 1998-2005-ci illər aralığında ardıcıl səkkiz dəfə "Mr. Olympia" tituluna sahib çıxaraq, adını bu idman növünün ən böyük əfsanələri sırasına yazdırdı.
Lakin həmin zirvəyə gedən yolda qurduğu məğlubedilməz bədən illər sonra onun özünə qarşı çevriləcəkdi.
"1991-ci ildə tamamilə natural idim"
Koulmenin karyerası barədə ən çox müzakirəyə səbəb olan məqamlardan biri onun peşəkar səhnəyə qədəm qoyduğu dövrdəki fiziki vəziyyətidir.
Bodibildinq dünyasında uzun illərdir səngiməyən steroid müzakirələri fonunda Koulmen özü bəyan edib ki, 1991-ci ildə peşəkar status alarkən tamamilə natural idmançı olub.
"1991-ci ildə peşəkar olduğum zaman tamamilə natural idim", - deyə Koulmen son müsahibələrinin birində vurğulayıb.
İdmançı həmin dövrdəki yarışlarda dopinq testlərindən keçdiyini xatırladıb. Koulmenin sözlərinə əsasən, 1990-cı ildə keçirilən "NPC Nationals" yarışında testdən keçən yeganə atlet məhz o olub. Bundan bir il sonra, 1991-ci ildə Polşada təşkil edilən dünya çempionatının qalibi kimi peşəkar kartını qazanıb.
O dövrdə Koulmen hələ bodibildinqin ən böyük ulduzlarından biri hesab edilmirdi. Qarşıdakı illərdə isə onun adı bu idmanın ən tarixi rekordlarından biri ilə paralel hallanacaqdı.

Əvvəlcə heç kim bunun sonunu görə bilmirdi
Əslində, Koulmenin bədənində yaranan problemlərin əsası peşəkar karyerasından çox əvvəl qoyulmuşdu.
O hələ məktəb illərində ağır atletika ilə məşğul olarkən belindən zədə almışdı. Universitetdə isə Amerika futbolu oynayarkən həm bel, həm də boyun nahiyəsində yenidən ciddi problemlərlə üzləşmişdi. Bütün bunlara rəğmən, Koulmen dayanmadı.
1996-cı ildə məşq prosesi zamanı onun belində yırtıq yarandı. Sonradan həmin anı xatırlayan atlet çəkini qaldırarkən yüksək bir səs eşitdiyini etiraf edib. Lakin o, hətta bu zədədən sonra da məşqini dayandırmadı. Çünki onun təfəkküründə ağrı məşqi yarımçıq qoymaq üçün keçərli səbəb hesab olunmurdu.
Tam əksinə, ağrıya dözmək onun fəlsəfəsinin əsasını təşkil edirdi.
Bədəni sözünə baxmamağa başladı
Koulmen illər boyu öz orqanizmini son həddə qədər sınağa çəkdi.
Karyerasının ən pik vaxtlarında o, inanılmaz çəkilərlə çöməlmə hərəkətləri icra edir və ağır rejimli məşqlərini fasiləsiz davam etdirirdi. Daha sonra idmançı illərlə qaldırdığı bu nəhəng ağırlıqların onun bədəninə necə dağıdıcı təsir göstərdiyini etiraf edib.
2007-ci ildə o, həyatındakı ilk böyük cərrahi müdaxilələrdən birini yaşadı. Ardından isə əməliyyatların sayı durmadan artmağa başladı: Bel, boyun, bud-çanaq, yenidən bel, yenidən boyun.
Koulmenin məlumatına görə, o, ümumilikdə 13 dəfə əməliyyat masasına uzanıb: bunların səkkizi bel, üçü boyun, ikisi isə bud-çanaq bölgəsi ilə bağlı olub. Vəziyyət o həddə çatıb ki, onun hər iki bud-çanaq oynağı süni oynaqlarla əvəzlənib.
Vaxtilə yüzlərlə kiloqramlıq ştanqların altında sarsılmayan bir insan üçün artıq sadəcə yerimək belə mümkünsüz bir missiyaya çevrilmişdi.

"Heç vaxt bu qədər pis olacağını düşünməzdim"
Sonrakı illərdə verdiyi müsahibələrdə Koulmen vəziyyətin bu dərəcədə pisləşəcəyini heç vaxt ehtimal etmədiyini bildirib.
Onun qeyd etdiyinə görə, daxili orqanları tam sağlam fəaliyyət göstərsə də, əsas problemlər birbaşa bel, bud-çanaq, dizlər və bədənin balansı ilə bağlı idi.
"13 əməliyyat keçirdim. Səkkizi bel, üçü boyun, ikisi bud-çanaq nahiyəsində. Yenə də mübarizə aparıram", - deyə idmançı vurğulayıb.
Bütün bu fiziki tənəzzülə baxmayaraq ən diqqətçəkən detal onun məşq etməkdən hələ də əl çəkməməsidir. Çünki Koulmen üçün məşq etmək sadəcə keçmiş peşəsi deyil.
Bu, birbaşa onun həyatının özüdür.
Zirvədəki adam səhnədən belə ayrıldı
Əfsanəvi idmançının peşəkar karyerasının başa çatması da onun xarakterini tam əks etdirən səhnələrdən biri kimi tarixə düşdü.
İllərlə dünyanın ən nüfuzlu bodibildinq yarışlarında dominantlıq edən Koulmen artıq səhnədə ayaq üstə durmaqda belə əziyyət çəkirdi. O, həmin anları xatırlayarkən dəhşətli ağrının ayaqlarından ombasına qədər necə yayıldığını və səhnədən endikdən dərhal sonra oturmağa məcbur olduğunu qeyd edib.
Bədən artıq beynin verdiyi komandaları icra edə bilmirdi. Ağıl mübarizəyə can atırdı, lakin bədən artıq təslim olmuşdu.
Bununla da, illərlə yenilməz imicə sahib olan bodibildinq əfsanəsi həyatının ən ağır məğlubiyyətini qəbul etdi: İdmandan getmək.
"Dəyərdimi?" sualına cavabı
İllər ərzində mətbuat nümayəndələri və azarkeşlər Koulmenə daima eyni sualı ünvanlayıblar:
Bu qədər ağır məşqlər, sonsuz zədələr və onlarla əməliyyatdan sonra bütün bunlara dəyərdimi?
Onun bu suala verdiyi cavab olduqca düşündürücüdür. Koulmen etiraf edib ki, əgər keçmişə qayıtmaq şansı olsaydı, bəzi nüanslara fərqli yanaşardı. Lakin o, qazandığı tarixi uğurlara görə zərrə qədər də peşmanlıq hiss etmir.
Çünki onun nəzərində səkkiz "Mr. Olympia" titulu sıradan bir nailiyyət deyildi. Bu qələbələr onun ömrünün böyük bir hissəsinin əməyi idi.

İndi ən böyük məqsədi əvvəlki kimi olmaq deyil
Karyerasının ən parlaq dövrlərində onun yeganə hədəfi daha böyük əzələlər, ekstremal çəkilər və növbəti dəfə çempion olmaq idi.
Bu gün isə məqsəd qat-qat sadədir: gəzə bilmək. Son illər ərzində Koulmen itirilmiş hərəkət qabiliyyətini yenidən bərpa etmək üçün gərgin mübarizə aparır. Dəhşətli fiziki məhdudiyyətlərə baxmayaraq, o, hələ də idman zalından tam qopmayıb.
Bir vaxtlar səhnədə ən nəhəng idmançı kimi rəqiblərinə qorxu salan adam indi sadəcə bir neçə addım atmağı özü üçün ən böyük qələbə sayır.
Lakin Koulmenin hekayəsini maraqlı edən də məhz elə bu məqamdır. O, ömrü boyu öz bədənini heç kimin məğlub edə bilməyəcəyi bir qalaya çevirməyə çalışdı.
Bədəni isə illər sonra ona acı bir həqiqəti xatırlatdı: İnsanın ən amansız rəqibi heç də həmişə qarşısındakı şəxs olmur. Bəzən insan ən böyük müharibəni elə öz bədəni ilə aparmalı olur.
Ronni Koulmen səkkiz dəfə "Mr. Olympia" zirvəsini fəth etdi. Lakin onun həyatının ən ağır yarışı səhnədə deyil, səhnədən endikdən sonra başladı.
Və bu amansız yarışda qalib gəlmək üçün ona artıq qızıl medallar yox, sadəcə irəli atılmış bir neçə addım lazımdır.
