Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırıldı.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.
Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbir - birinci Avropa Oyunları beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir.
Aprelin 26-sı isə ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşür. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayır. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış etdi.
Daha sonra Prezident İlham Əliyev ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırdı.
Dövlətimizin başçısı məşəli “Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verdi.
Beləliklə də, Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başladı. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.
İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
10:06
Bu gün “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli yandırılacaq. Tədbir Bakının Suraxanı qəsəbəsindəki “Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğunda təşkil olunacaq.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, saat 20:00-da başlanacaq mərasimə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılacağı gözlənilir.
Məşəl yandırıldıqdan sonra tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçərək Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətiriləcək.
Avropa Oyunlarının məşəli iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.
Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb. Məşəlin daşınacağı marşrut boyunca keçiriləcək tədbirlərə minlərlə insanın qatılacağı gözlənilir. Məşəl proqramı çərçivəsində 15 bölgədə Alov festivalı təşkil olunacaq ki, burada rəsmi şəxslərin, incəsənət ulduzlarının və tanınmış idmançıların iştirakı nəzərdə tutulub.