Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı naziri İnam Kərimov Ağır Atletika Federasiyasının prezidenti seçilib.
Oxu.Az xəbər verir ki, Səbuhi Mehdizadə vitse-prezident, Anar Hüseynov, Nihad Məmmədli, Asif Məmmədov və Aydın Ağaəliyev İdarə Heyətinə üzv seçiliblər.

Seçkidən sonra İnam Kərimov ağırlıqqaldırma idmanının problemlərindən danışıb: “Adından göründüyü kimi, bu, ağır atletikadır. Bəzi məsələlərin həlli üçün tədbirlər görülməlidir. Azərbaycanın yığma komandasının qarşıdakı beynəlxalq yarışlarda və Olimpiadada uğurla çıxış etməsini istəyirik. Bu sahənin üzləşdiyi əsas məsələ dopinqlə mübarizədir. Belə halların üzə çıxmasına görə beynəlxalq yarışların bəzilərindən kənarda qalmışıq. Bütün dünya buna qarşı mübarizə aparmalıdır.
İdmançılarla birlikdə iş aparmalı və onları marifləndirməliyik. Bizim əsas birinci məqsədimiz bu problemləri, çətinlikləri dinləmək və ondan sonra qısa, orta və uzun müddətli hədəflər müəyyən etməkdir. Əsas məsələ bu idman sahəsinə rəğbəti daha da artırmaqdır. Ən böyük prioritetlərdən biri yeni nəsil idmançıların yetişməsidir. Üzərimizə düşən ən böyük vəzifə bölgələrdə gələcək potensialları müəyyənləşdirməkdir. Bunun üçün bütün şərait yaradılıb”.
Qeyd edək ki, kənd təsərrüfatı nazirinin müşaviri Səbuhi Mehdizadə həmçinin Stolüstü Tennis Federasiyasının da vitse-prezidentidir.
11:19
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) yeni prezidenti seçilib.
Oxu.Az xəbər verir ki, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.
Qeyd edək ki, o, bu postda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovu əvəzləyib.