Məşhur futbol ulduzu Lionel Messinin də heyətində yer aldığı ABŞ-nin "İnter Mayami" klubunun yeni baş məşqçisi müəyyənləşib. Bu posta 2004-cü ildə Argentina yığması ilə Olimpiya çempionu olmuş Kili Qonsales gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən klubdan rəsmi məlumat yayılıb.
52 yaşlı argentinalı mütəxəssislə imzalanan müqavilənin müddəti barədə məlumat verilmir. Qonsales lazımi sənədləşmə və icazə prosesləri yekunlaşdıqdan sonra vəzifəsinin icrasına başlayacaq.
Yeni məşqçilər heyəti kollektivə qoşulana qədər komandanı müvəqqəti olaraq Gilyermo Oyos idarə edəcək. O, aprel ayında Xavyer Maskerano vəzifəsindən ayrıldıqdan sonra baş məşqçi əvəzi təyin olunmuşdu.
Qeyd edək ki, Maskerano 2024-cü ilin noyabr ayından etibarən komandaya rəhbərlik edib və onun rəhbərliyi altında "İnter Mayami" MLS çempionu titulunu qazanıb.