UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində ilk oyununa çıxan “İnter” səfərdə öz pərəstişkarlarını sevindirib.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisinin mövsümdəki 2-ci rəqibi İsveçin “Elfsborq” klubu olub.
II təsnifat mərhələsinin ilk matçını da səfərdə keçirən “İnter” ötən mövsüm olduğu kimi yenə Skandinaviya səddini adlamalıdır. Onda “bankirlər” Norveç “Tromse”sini keçə bilməmişdi.
Bu dəfə isə “İnter” İsveçdə sərfəli nəticə qazana bilib. Meydana baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi ilə çıxan komandamız səfərdə 1:0 hesabı ilə qalib gəlib.
İsveçlilərin qapısından yeganə qolu oyunun 29-cu dəqiqəsində Slavcho Georgievski vurub.