Yaponiya çempionatında “Simidzu S-Pals” və “Vissel” klubları arasında keçirilən (3:3) qarşılaşma kütləvi dava ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, insident “Vissel” komandasının qapıçısı Yuci Rokutanın qarşılaşmanın əsas vaxtına artırılmış 14-cü dəqiqədə hesabı bərabərləşdirməsindən sonra başlayıb. Maraqlıdır ki, referi qarşılaşmaya cəmi dörd dəqiqə artırmışdı.
Qonaqların braziliyalı hücumçusu, vaxtı ilə “Hofenhaym” və “Tvente”də çıxış etmiş Velinqtonun rəqib oyunçuya qarşı kobudluq etməsi isə aranı qarışdırıb. Braziliyalı futbolçu 90+15-də etdiyi bu hərəkətinə görə sarı vərəqə alıb. O daha sonra hakimə etiraz etdiyi üçün 90+18-də ikinci sarı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, insidentdə qonaqların futbolçuları – “Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyesta və Londonun “Arsenal” klubunun eks-forvardı Lukas Podolski də iştirak edib.