Ermənistan və Kipr milli komandaları arasında keçirilən futbol qarşılaşmasında siyasi məzmunlu, təxribat xarakterli görüntülər qeydə alınıb.
Oxu.Az xəbər verir ki, Ermənistanın "Aravot" nəşri bununla bağlı məlumat yayıb.
Belə ki, dünən İrəvanda UEFA Millətlər Liqasının C2 qrupu çərçivəsində keçirilən Ermənistan - Kipr (1:1) oyununda erməni azarkeşlər tribunada Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində fəaliyyət göstərmiş qondarma separatçı rejimin əsgi parçasını açıblar.
UEFA-nın Təhlükəsizlik və Təhlükəsizlik Qaydalarının 44-cü maddəsi stadionlarda siyasi mesajların təşviqini qadağan edir. Təşkilatın İntizam Qaydalarının 16-cı maddəsi də siyasi, ideoloji və təxribat xarakterli mesajların nümayişinə görə sanksiyalar tətbiq olunmasına imkan verir.
UEFA-nın İntizam Reqlamentinə əsasən, siyasi, ideoloji və təxribat xarakterli mesajların nümayişi intizam pozuntusu hesab edilə bilər. Belə hallarda təşkilat pozuntunun xarakterini və ağırlığını nəzərə alaraq, federasiyaya pul cəriməsi tətbiq edə, stadionun müəyyən sektorlarının bağlanması və ya növbəti ev oyununun azarkeşsiz keçirilməsi barədə qərar verməsi mümkündür. Həmçinin xəbərdarlıq, töhmət və şərti cəza kimi tədbirlər də tətbiq edilə bilər.
İrəvandakı qarşılaşmada baş verənlərlə bağlı UEFA-nın araşdırmaya başlayıb-başlamadığı və Ermənistan tərəfinə hansısa intizam tədbirinin tətbiq olunub-olunmayacağı hələlik məlum deyil.
