“Sərhədçi” Olimpiya İdman Mərkəzində Xocalı Soyqırımına həsr olunmuş K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi keçirilib.
Oxu.Az xəbər verir ki, ilk öncə K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsinin açılışı Xocalı Soyqırımının qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra, final mərhələsinin açılışında çıxış edən K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi, “Best of the Best” promoutionun prezidenti, Avropa çempionu Elnur Məmmədov bildirib ki, Prezident İlham Əliyevin qayğısı nəticəsində respublikamız dünyada idman ölkəsi kimi tanınır.
Turnirin reqlamentinə əsasən, əsas görüşlərdən əvvəl reytinq döyüşləri keçirilib.
Yarışda Azərbaycan idmançılarından 83 kiloqram çəki dərəcəsində Ruslan Kobzev hollandiyalı Dennis İppemaya, 71 kiloqram çəki dərəcəsində Alim Nəbiyev Böyük Britaniyadan olan Çad Sugdeyə, Ziya Bayramov 77 kiloqram çəki dərəcəsində mərakeşli Omar Al Amraniyə, 72 kiloqramda Tural Bayramov Almaniya idmançısı Marco Groha qalib gəliblər.
Digər görüşlərdə isə 85 kiloqram çəki dərəcəsində Samet Keser (Türkiyə) - Lazar Danieli (Rumıniya), 100 kiloqramdan yuxarı çəki dərəcəsində Corc Kolin (Surinam) - Samir Kazımovu (Azərbaycan), 63 kiloqramda Zakaria Zouharry (Mərakeş) - Amil Şahmarzadəni, 72 kiloqramda Miodrag Olar (Rumıniya) - Babək Rüstəmovu (Azərbaycan), 71 kiloqramda Cedrik Manhoef (Surinam) - İsmət Ağazadəni (Azərbaycan) məğlub ediblər.
Gecənin əsas döyüşlərində məşhur Tailand idmançısı Buakav Bançamek ilə Sung Hyung Le (Koreya Respublikası) qarşılaşıblar. Bu görüşdə Buakav Bançamek qalib gəlib.
Digər yarımfinal görüşündə isə kanadalı Şane Kampbell Almaniya idmançısı Enriko Kehlə qarşılaşıb. Bu görüşdə isə almaniyalı idmançı üstün olub.
Qeyd edək ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində Xocalı Soyqırımına həsr olunmuş K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi GARANT HOLDING-in dəstəyi ilə baş tutub.
Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az