Bu gün Bakıda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Milli Paralimpiya Komitəsinin (AMPK) mətbuat konfransı keçirilib. Konfrans cari ilin ötən altı ayının nəticələrinə, eləcə də ilin sonuna qədər yerinə yetirilməsi nəzərdə tutulan strateji məsələlərin müəyyənləşdirilməsinə həsr edilib.
Əgər biz əvvəllər idman seksiyalarına məhdud fiziki imkanları olan uşaqların cəlb edilməsində çətinlik çəkirdiksə, indi valideynlər özləri uşaqları bizim yanımıza gətirirlər ki, idmanla məşğul olsunlar.
Bu barədə Oxu.Az-a mətbuat konfransında iştirak edən AMPK-nin İnkişaf, informasiya və təhsil şöbəsinin müdiri, Azərbaycan Uşaq Paralimpiya Komitəsinin (AUPK) icraçı direktoru Kamal Məmmədov bildirib.
Onun sözlərinə görə, bu, yalnız həyatını peşəkar paralimpiya idmanına həsr etməyi qərara alan uşaqlara deyil, eləcə də ölkəmizin məhdud fiziki imkanları olan bütün digər balaca vətəndaşlarına aiddir.
“İdmanla məşğul olmaq belə uşaqların cəmiyyətə inteqrasiya etməsinə, müxtəlif psixoloji baryerləri və kompleksləri aşmağa yardım edir”, - K.Məmmədov deyib.
Misal kimi o, Nabran istirahət mərkəzlərindən birində ayaqları zədələnən İmran Cəfərovu göstərib. Valideynləri İmranı AUPK nəzdində üzgüçülük seksiyasına yazdırıblar.
“Sabah İmranın ilk məşqi olacaq. Bu məşq uşaq psixoloqunun iştirakı ilə keçiriləcək”, - K.Məmmədov qeyd edib.
K.Məmmədovun dediyi kimi, hal-hazırda Azərbaycanda paralimpiya idmanı ilə 30-a yaxın uşaq məşğul olur.
“Bu gün üçün məhdud fiziki imkanları olan uşaqlar iki idman klubunda – 3 nömrəli Mərdəkan internatında və Sumqayıt paralimpiya idman kompleksində məşğul olurlar. Bundan başqa, bu ilin sentyabr ayında Psixonevroloji Uşaq Mərkəzində daha bir idman klubunun açılışı planlaşdırılıb”, - K.Məmmədov bildirib.
Gülnarə Zeynalova
www.oxu.az