"Qarabağ"dan "Seltik"ə transfer olan Kamilo Duran ilk açıqlamasını verib.
Oxu.Az xəbər verir ki, kolumbiyalı hücumçunun fikirlərini Şotlandiya klubunun mətbuat xidməti yayıb.
"Çempionlar Liqasında oynamaqla ən böyük arzumu gerçəkləşdirdim. Həmişə belə mötəbər turnirlərdə çıxış etməyin xəyalını qurmuşam. Orada fərqlənmək inanılmaz hiss idi və mən eyni yüksək performansı burada da nümayiş etdirmək əzmindəyəm. "Seltik" tarixinin ilk kolumbiyalı futbolçusu olmaq mənim üçün böyük qürurdur. Uşaqlıq illərindən milli komandada oynamaq barədə düşünmüşəm. Ümid edirəm ki, bu klubdakı uğurlu karyeram sayəsində bir gün həmin arzuma da qovuşacağam", - deyə K.Duran vurğulayıb.
Xatırladaq ki, "Seltik" gənc kolumbiyalı hücumçu ilə beşillik rəsmi müqaviləyə imza atıb. Şotlandiya nəhənginin bu keçid üçün ayırdığı büdcə rəsmən elan edilməsə də, mətbuatda gəzən iddialara əsasən, Kamilo Duranın transferi "Qarabağ"a 6.4 milyon avro qazandırıb.