Daşınmaz əmlakın kadastr uçotu dövlət tərəfindən elektron sistemdə aparılacaq.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə, Mülki Məcəlləyə, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və "Aqrar sığorta haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, daşınmaz əmlakın dövlət kadastrı mülkiyyət növündən asılı olmayaraq Azərbaycan hüdudları daxilində yerləşən bütün daşınmaz əmlaka, o cümlədən torpaqlara münasibətdə müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qurum tərəfindən informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
Bildirilir ki, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında, torpaq münasibətlərinin tənzimlənməsində və digər işlərdə daşınmaz əmlakın dövlət kadastrı məlumatlarından istifadə olunacaq.
Həmçinin dövlət kadastrına məlumatların hansı hallarda daxil ediləcəyi hallar müəyyənləşir.
Qeyd olunur ki, dövlət kadastrı mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün daşınmaz əmlaka münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə aparılacaq.
Dövlət kadastrına məlumatlar aşağıdakı hallarda daxil edilir:
- daşınmaz əmlak üzərində hüquqların ilkin dövlət qeydiyyatının aparılması məqsədilə daşınmaz əmlakın dövlət reyestrinə hüquq sahibləri tərəfindən müraciət edildikdə;
- dövlət kadastrını aparan orqana (quruma) bu qanunun 6.1-ci maddəsində nəzərdə tutulan məlumatların yaranması, dəyişməsi və ləğvi barədə sənəd və ya məlumat daxil olduqda;
- dövlət və ya bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın, həmçinin hüquqi və ya fiziki şəxslərin qanuni istifadəsində olub üzərində hüquqların dövlət qeydiyyatına alınmamış daşınmaz əmlakın dövlət kadastr məlumatlarının toplanılması məqsədilə dövlət sifarişi olduqda.
Dövlət kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Bildirilir ki, dövlət sərhədləri, ərazi vahidlərinin, bələdiyyələrin və yaşayış məntəqələrinin sərhədləri, torpaq sahəsinin kateqoriyası, təyinatı, ərazi planlaşdırılması və zonalaşdırılmasına dair məlumatlar, infrastruktur obyektləri və onların mühafizə zonaları barədə məlumatlar, Azərbaycan Respublikasının daxili suları (çaylar, göllər və s.) və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi və onların mühafizə zonalarına dair məlumatlar, habelə daşınmaz əmlakın dövlət reyestrinin I fəslinin məlumatları dövlət kadastrına daxildir.
Layihə müzakirə olunduqdan sonra səsə qoyularaq qəbul olunub.