Portuqaliyanın "Boavişta" klubu iflasa yaxındır.
Oxu.Az Portuqaliya mediasına istinadən xəbər verir ki, "Boavişta" maliyyə problemləri səbəbindən Portuqaliya futbolunun ikinci, üçüncü və ya dördüncü liqasında çıxış etmək üçün lisenziya ala bilməyib.
Yaranmış vəziyyətlə əlaqədar "Boavişta" regional liqada çıxış etməyə məcbur olub. Lakin texniki məğlubiyyətlər səbəbindən oktyabr ayında liqadan kənarlaşdırılıb.
"Boavişta" klubu Vila-Nova-di-Qaya şəhər məhkəməsinə çoxsaylı borclar əsasında klubun ləğv edilməsi barədə ərizənin daxil olduğunu təsdiqləyib.
122 illik tarixə malik komandanın rəhbərliyi yetirmələrini klubun infrastrukturundan istifadə imkanından məhrum etməmək üçün öz strukturunu qorumağa cəhd edəcəyini bildirib.
Qeyd edək ki, "Boavişta" 2001-ci ildə Portuqaliya çempionu olub, beş dəfə ölkə kubokunu və üç dəfə Superkubokunu qazanıb.
Xatırladaq ki, millimizin sabiq qolkiperi Kamran Ağayev 2016-18-ci illər arasında "Boavişta" klubunda çıxış edib.