"Cenevrədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin sülh planı ilə bağlı danışıqlarında Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasından söhbət getməyib".
Oxu.Az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov LIGA.net-ə müsahibəsində bəyan edib.
"Söhbət Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasından getməyib, sülh dövründə Silahlı Qüvvələrin sayı ilə bağlı fikirlər müzakirə olunub. Bu, çox mübahisəli mövzudur", - deyə Qnatov bildirib.
Onun sözlərinə görə, Ukrayna üçün ən yaxşı qarantın yaxşı təchiz edilmiş və döyüş qabiliyyətli ordunun olacağı barədə həm Kiyev, həm də Vaşinqton tərəfindən düzgün fikirlər səslənib.
Qnatov qeyd edib ki, Ukrayna ordusunun gələcəkdə necə olacağı döyüş əməliyyatları başa çatdıqdan sonra baş qərargahın hərbçiləri ordu sıralarında qalmağa necə həvəsləndirəcəyindən də asılıdır. Məhz nə etmək lazımdır anlayışı isə baş qərargahda mövcuddur.
"Burada bütün təsisatlar işləməlidir. Ukrayna ordusunun, onun sayının, maddi təminatının, hərbçilər üçün sosial təminatın və digər bir çox məsələlərin necə olacağını anlamaq lazımdır. Bu iş təkcə baş qərargahın səlahiyyətində deyil", - deyə o vurğulayıb.
Qnatov əlavə edib ki, baş qərargahda artıq bu prosesin işçi variantı var və hazırda sənəd üzərində iş gedir.