“Təbii ki, çox sevinirik. Bütün keşləsevərləri təbrik edirəm. Çətin oldu, amma nəticə yaxşı oldu. Çünki Azərbaycan Kubokunu yenidən biz qazandıq”.
Bunu Oxu.Az-a “Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov deyib.
Həmçinin AFFA İcraiyyə Komitəsinin üzvü olan Z.Axundov Azərbaycan Kubokunun final matçında “Keşlə”nin “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etdiyi görüşdən də danışıb:
“Üç il əvvəl qazandığımız Azərbaycan Kuboku ilə indiki arasında fərq qoymaq istəməzdim. Hərəsinin öz sevinci var. Fərq qoymaq istəməzdim. Oyun bitməyənədək mən qalib gələcəyimizə dair dəqiq fikir yürüdə bilmirəm. Yalnız hakimin son final fitindən sonra rahat nəfəs alıram. İlk hissədə “Sumqayıt”ın təhlükəli hücumları olsa da, ikinci hissədə biz toparlandıq və qələbə qolunu vurduq. Bu, futboldur. Nəticə olaraq da kubok bizdədir”.
O, yeni transferlər və “Keşlə” klubunun növbəti mövsümkü büdcəsi haqda bunları deyib:
“Baş məşqçinin bizə verəcəyi hesabatdan sonra heyətə əl gəzdirəcəyik. Bizim öz sponsorumuz var. Sponsorla danışdıqdan sonra növbəti mövsüm üçün “Keşlə”nin büdcəsində artım olub-olmayacağını deyə bilərəm”.
Qeyd edək ki, “Keşlə” daha çox AFFA və Zaur Axundovun şəxsi biznesi ilə maliyyələşir.
Səbuhi Musayev