Bu həftə baş tutan oyunların uğursuz nəticələrindən sonra Azərbaycanın UEFA əmsallar cədvəlində mövqeyi dəyişməyib.
Oxu.Az xəbər verir ki, son beş mövsümün ümumi göstəricilərinin cəm olunduğu reytinq siyahısında ölkəmiz hazırda 21.187 xal toplayaraq 26-cı pillədə mövqeyini qoruyur.
Siyahıda Azərbaycanın ən yaxın qonşularından olan İsrail 22.375 xalla 25-ci yeri tutur, 27-ci pillədə qərarlaşan Bolqarıstanın hesabında isə 20.187 xal var.
Hazırda UEFA-nın əmsallar cədvəlinin zirvəsində 98.519 xalla İngiltərə dominantlıq edir.
Xatırladaq ki, ötən gün baş tutan qarşılaşmada "Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Ukraynanın "Dinamo Kiyev" klubu ilə üz-üzə gəlib və meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.
Çempionlar Liqasında ölkəmizi təmsil edən "Sabah" isə səfərdə Danimarkanın "Orhus" komandası ilə gücünü sınayaraq rəqibinə 1:2 hesabı ilə boyun əyib.