UEFA Avropa Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərinin də potensial rəqibləri məlum olub.
“Sabah” II raundda RFŞ (Latviya) səddini keçsə, “Partizan”la (Serbiya) üz-üzə gələcək.
“Neftçi” “Jelezniçar”ı (Bosniya və Herseqovina) mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) - “Tirana” (Albaniya) cütünün güclüsünə rəqib olacaq.
“Qəbələ” isə “Omoniya”nı (Kipr) keçməyi bacarsa, “Midtülland” (Danimarka) - “Proqres” (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.
“Sabah” və “Qəbələ” ilk oyunu evdə, “Neftçi” isə səfərdə keçirəcək.
11:21
Azərbaycanın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki təmsilçilərinin potensial rəqiblərinin sayı azalıb.
Oxu.Az xəbər verir ki, püşkatma öncəsi “Sabah”, “Neftçi” və “Qəbələ”nin mümkün rəqiblərinin sayı dördə enib.
“Sabah” II raundda RFŞ (Latviya) səddini keçsə, “Makkabi” (Təl-Əviv, İsrail) - “Petrokub” (Moldova), ÇSKA (Sofiya, Bolqarıstan) - “Sepsi” (Rumıniya) cütlərinin qalibi, “Partizan” (Serbiya) və ya “Rapid”ə (Vyana, Avstriya) rəqib olacaq.
“Neftçi” “Jelezniçar”ı (Bosniya və Herseqovina) keçsə, PAOK (Yunanıstan) - “Beytar” (Yerusəlim, İsrail), “Beşiktaş” (Türkiyə) - “Tirana” (Albaniya), “Çelye” (Sloveniya) - “Vitoriya” (Portuqaliya) cütlərinin güclüsü və “Alkmaar”a (Niderland) rəqib olacaq.
“Qəbələ” isə mübarizəni davam etdirməyi bacarsa, “Midtülland” (Danimarka) - “Proqres” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) - “Panevezis” (Litva), “Ordabası” (Qazaxıstan) - “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.
10:20
Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Azərbaycanın turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin də potensial rəqibləri müəyyənləşəcək.
Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu mərhələdən yarışa qoşulacaq komandalardan “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aruka” (Portuqaliya) Azərbaycan klublarının potensial rəqibləri sırasındadırlar.
Qeyd edək ki, Konfrans Liqasında III raundun oyunları avqustun 10-da və 17-də keçiriləcək.