"Qarabağ" klubu özünü təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da sübut etmiş bir kollektivə çevrilib.
Bu uğurların arxasında isə təkcə baş məşqçi Qurban Qurbanovun taktiki düşüncəsi, ya da klubun idarəçilik sisteminin stabilliyi deyil, eyni zamanda, meydanda fərdi performans göstərən oyunçular dayanırlar. Kollektivdə xüsusi fərqlənən futbolçulardan biri də 2024-cü ildə komandaya qoşulan polşalı qolkiper Mateuş Koxalskidir.
Mateuş Koxalski 2000-ci ildə Polşada doğulub və karyerasına "Legia Varşava" klubunun akademiyasında başlayıb. Uşaq yaşlarından göstərdiyi performans onu Polşanın aşağı yaş qrupları üzrə yığmalarına daşıyıb.
Polşada bir sıra klublarda icarədə olan Koxalskini 2024-cü ildə "Qarabağ" qapıçı problemini həll etmək üçün transfer etdi.
Bu addım bir çoxları üçün gözlənilməz sayılsa da, qərarın nə qədər yerində verildiyi zaman keçdikcə ortaya çıxdı.
2025/26 mövsümündə Koxalskinin əsl sınaq dövrü başladı. "Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması klub üçün böyük uğur idi, lakin eyni zamanda, bu, oyunçular üçün də təzyiq demək idi. Çünki artıq rəqiblər daha güclü idi və onların hər biri "Qarabağ"ı potensial üç xal olaraq görürdü. Belə şəraitdə qapıçı üçün psixoloji hazırlıq hər şeydən önəmlidir.
Qrup mərhələsinin geridə qalan beş turu ərzində Koxalski "Benfika", "Kopenhagen", "Atletik Bilbao", "Çelsi" və "Napoli" kimi təcrübəli komandaların ulduz futbolçuları ilə üz-üzə gəldi.
Ümumilikdə, bu mövsüm Çempionlar Liqasında beş oyuna çıxan Koxalski:
- 24 qurtarış həyata keçirib;
- bir oyunda qapısını toxunulmaz saxlayıb;
- ortalama reytinqi 7.6 olub;
- qurtarış faizi isə 82-dir.
Xüsusilə "Napoli" ilə səfərdə keçirilən oyun Koxalski üçün ilin ən möhtəşəm performansı oldu.
Oyunun 56-cı dəqiqəsində "Qarabağ"ın qapısına təyin edilən penalti zərbəsini dəf etməsi və ümumi oyun ərzində bir neçə təhlükəli epizoddakı seyvləri onun liderlik keyfiyyətlərini ortaya qoydu.
Koxalskinin "Napoli" ilə oyundakı statistikası:
- səkkiz qurtarış;
- altı cərimə meydançası daxilində qurtarış;
- bir penalti dəf edilməsi;
- qurtarış faizi - 90;
- 8.1 reytinq balı.
Mateuş Koxalski müasir futbolun tələb etdiyi qapıçı bacarıqlarına malikdir. Oyun zamanı mövqe seçimi, sürətli reaksiyası, birə-bir vəziyyətlərdə rəqibə psixoloji təzyiq yaratma bacarığı onu digərlərindən fərqləndirir. Ən önəmlisi isə günümüzün futbolunda tələb olunan ayaqla oyundakı inamıdır. "Qarabağ" kimi topa nəzarət etməyi sevən komandada qapıçı üçün bu keyfiyyət olduqca vacibdir.
Ayaqla uzun ötürmələri, rəqibin pressinqi altında düzgün qərar verməsi, topu oyuna daxil etdikdə verdiyi dəqiq paslar, müdafiəçilərlə koordinasiya halında çalışması onun modern qapıçı obrazını tamamlayır. Həmçinin künc zərbələri zamanı mövqeləri vaxtında tutması və hava toplarına müdaxiləsi də olduqca uğurludur.
Azərbaycan azarkeşi emosionaldır. Oyunçuların yalnız meydanda deyil, meydandan kənarda da davranışlarına diqqət yetirir. Koxalski isə həm peşəkarlığı, həm də xarakteri ilə qısa müddətdə azarkeşlərin rəğbətini qazanıb. Sosial mediada onun haqqındakı paylaşımlarda yazılan şərhlər, eyni zamanda, stadionda onun adı çəkiləndə duyulan alqışlar bunu sübut edir. Çox güman ki, yaxın illərdə o, "Qarabağ"ın əfsanəvi oyunçuları sırasına daxil olacaq.
Nəzərə almaq lazımdır ki, Mateuş Koxalski hələ 25 yaşındadır və bu, qapıçılar üçün ən yaxşı illərin başlanğıcıdır. Belə bir yaşda Çempionlar Liqası təcrübəsi, "Qarabağ" kimi klubda əsas heyətdə çıxış etmək onun üçün böyük üstünlükdür.
Bu gün Mateuş Koxalski Azərbaycan futbolunda yeni bir qapıçı modelinin təməlini qoyur. O, texniki bacarığı, oyuna yanaşması, davranışı və stabil performansı ilə çempionatımızdakı gənc qapıçılar üçün "müəllim" rolunu oynayır.
Mateuş Koxalski "Qarabağ"ın son illərdə tapdığı ən dəyərli oyunçulardan biridir. Komandanın müdafiəsi onunla daha güclü, qapısı isə daha etibarlıdır.
Murad Nəsimi