Kürasao millisinin qapıçısı Eloy Rom 2026-cı il futbol üzrə dünya çempionatında Ekvadorla keçirilən oyunda qeydə alınan qolsuz heç-heçədən sonra özünə abidə qoyulmasına layiq olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, onun sözlərini "Match of the Day" yayıb.
"Mənim üçün qapıçı kimi bu, demək olar ki, ideal oyun idi. Komandamızla fəxr edirəm, çünki buna birlikdə nail olduq. Mən qapımı qollardan qorudum, amma əslində hamımız komanda kimi mübarizə apardıq. Bununla belə, düşünürəm ki, Kürasaoda mənə heykəl qoyulmalıdır", - deyə Rom bildirib.
Eloy Rom 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Ekvadorla keçirilən görüşün ən yaxşı oyunçusu seçilib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
37 yaşlı qapıçı əsas vaxt ərzində qapısına yönələn 15 zərbəni dəf edərək dünya çempionatları tarixində 90 dəqiqə ərzində ən çox seyv edən qapıçı rekorduna imza atıb. Mütləq rekord isə əlavə vaxt da nəzərə alınmaqla, 2014-cü ildə Belçikaya qarşı keçirilən oyunda 16 seyv edən ABŞ millisinin sabiq qapıçısı Tim Hovarda məxsusdur.