Millimizin sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rauf Əliyev “Keşlə”nin bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Laçi” klubu ilə oyununa münasibət bildirib.
31 yaşlı hücumçu Oxu.Az-a açıqlamasında “Laçi”ni dəyərləndirib. O, Albaniyanın “Kukesi” klubunda çıxış edərkən 2017-ci ilin sentyabrında çempionatda “Laçi”yə qol vurduğunu xatırladıb:
“Laçi”yə qarşı həm beş il əvvəl “İnter”də (indiki “Keşlə” – S.M.) oynayanda, həm də üç il əvvəl “Kukesi”də çıxış edəndə forma geyinmişəm. “Kukesi”də vurduğum dörd qoldan birincisini məhz “Laçi”yə vurmuşam. Yadımdadır ki, hesabı mən açmışdım. Həmin oyunda 3:0 qalib gəlmişdik.
Ancaq “Laçi” öz meydanında yaxşı oynayır. Səfərdə onlara qarşı oynamaq çətindir. “Keşlə” “Laçi” ilə Bakıda oynayacağı üçün mərhələni keçmək şansları daha çoxdur.
Bununla belə, rəqibi ciddiyə almaq lazımdır. Çünki həmişə bu komandanın heyətində səviyyəli legioner futbolçu olur. “Qəbələ”də komanda yoldaşım olmuş nigeriyalı hücumçu Ceyms Adeniyi (2014-2016-cı illərdə bu klubda 38 qol vurub – S.M.) də vaxtı ilə bu klubda çıxış edib”.
Rauf Əliyev “Laçi”nin direktoru Naim Halilinin Oxu.Az-a açıqlamasından da danışıb. O bildirib ki, “Kukesi”də də direktor işləmiş Naim Halili ilə görüşmək istəmir:
“Özü mənə hələ Albaniyada olanda yazmışdı. Deyirdi ki, Bakıya gələndə görüşərik. Ancaq onunla görüşmək istəmirəm. Açığı, Albaniyada oynadığım müddətdə ondan mənə xeyir gəlməyib. Orda o mənim ancaq əsəbimlə oynayıb. Həm də “Səbail”lə məşqim var. Ona görə də çətin onunla görüşə bilim”.
Qeyd edək ki, Rauf Əliyev “Kukesi”dən müəyyən problemlərlə ayrılıb. Onun Albaniyada duruş gətirə bilməməsində ən çox dil amili rol oynayıb.
Səbuhi Musayev