Erməni şahmatçı Levon Aronyan 1/32 mərhələdə ukraynalı Aleksandr Areşenkoya məğlub olaraq, Bakıda Dünya Kubokunda çıxışını başa vurub.
Oxu.Az xəbər verir ki, məğlubiyyətdən sonra Aronyan turnir və çıxışı barədə fikirlərini bölüşüb.
“Bakı Kuboku iştirakçıların tərkibinə görə çox güclü oldu. Bütün güclü qrossmeysterlərin hamısı burada idi. Mən yaxşı oynamağı qarşıma məqsəd qoyumuşdum. Lakin bunu edə bilmədim. Areşenkoya qarşı tay-brekin ilk partiyasında rəqibin sonradan həlledici olan gedişini görmədim.
İkinci partiyada isə avantürist kimi oynadım. Cütün taleyini ilk görüşdə buraxdığım səhv həll etdi. Çox kobud səhvə yol verdim. Səbəb yol verdiyim bir səhv idi. Dünya Kuboku elə yarışdır ki, bir səhv turnirin sonu deməkdi.
Təşkilatçılıq çox gözəldi. Biz şad olduq ki, Ermənistandan gələn bütün şahmatçılara yaxşı münasibət bəsləndi. Bizə hər cür şərait yaradıldı. Heç bir şeydən narazılıq yoxdur. Sadəcə bilirsiniz, şahmatçılar adətən bir qədər sərbəst olmağı xoşlayır. Müəyyən mənada biz özümüz daxilən sərbəst olmağa çətinlik çəkirdik.
Ermənistan yığması Bakıda Ümumdünya Şahmat Olimpiadasıdna iştirak edə bilərmi? Yarışlar bir il sonra keçiriləcək və bu istisna deyil. İstənilən halda, yenidən Bakıya qayıtmaq və şahmat oynamağa şad olardım”.
F.H.
www.oxu.az