APOEL klubunun braziliyalı yarımmüdafiəçisi Dieqo Qabriel Silva Rosa futbol karyerasını Misli Premyer Liqasında davam etdirməyə yaxındır.
Oxu.Az xəbər verir ki, bu maraqlı iddia ilə Kiprin idman mətbuatı çıxış edib.
Yayılan məlumatlara görə, 23 yaşlı dayaq yarımmüdafiəçisi artıq Azərbaycanın yüksək liqa təmsilçilərindən birindən rəsmi təklif alıb. Xəbərdə vurğulanır ki, gənc futbolçu APOEL-in baş məşqçisinin gələcək planlarında yer almır və oyunçu özü də komandanı tərk etməkdə maraqlıdır.
İstedadlı futbolçunun ölkəmizə transferinin bu yay reallaşması gözlənilir. Onun APOEL ilə hazırkı müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Braziliyanın "Qremio" klubunun yetirməsi olan Dieqo Rosa 2021-2023-cü illərdə İngiltərədə "Mançester Siti"nin formasını geyinib.
Xatırladaq ki, Dieqo Rosa 2019-cu ildə Braziliya millisinin heyətində 17 yaşlılar arasında dünya çempionatının qalibi adını qazanıb. O, ev sahibliyi etdikləri və çempionluqla başa çatan turnirdə meydana çıxdığı beş matçda iki dəfə rəqib qapılarına yol tapmağı bacarıb.