1986-cı il dünya çempionatında İngiltərə yığması ilə 1/4 final matçında Argentina milli komandasının futbolçusu Dieqo Maradonanın əllə vurduğu qolu görməyən bolqarıstanlı keçmiş yan xətt hakimi Boqdan Doçev dünyasını dəyişib
Oxu.Az R-sport-a istinadən xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb.
Doçev 80 yaşında dünyasını dəyişib. Qalmaqallı qol 51-ci dəqiqədə qeydə alınıb. Maradona yumruğu ilə topu rəqib qapısına göndərib. Bununla da Argentina 2:1 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Oyun sonrası mətbuat konfransında əfsanəvi futbolçu topun yarısının başla, yarısının Allahın əli ilə vurulduğunu bildirib.
“Mən Allahın əli barədə danışmağı sevmirəm. Bütün şayiə, söz-söhbətlərə rəğmən, hər zaman təmiz olmuşam. Bu epizod həyatımı darmadağın etdi. Məni daim ittiham edirlər. Amma heç bir günahım yox idi”, - bunu Doçev keçən il qalmaqallı epizodun 30 illik yubileyi ilə əlaqədar Bolqar televiziyasına verdiyi müsahibəsində deyib.
Boqdan Doçev 1970-1986-cı illərdə hakim olub. Dieqo Maradonanın qol epizodu ilə bağlı insidentə görə o, karyerasını başa vurmalı olub.
N.О.