"Benfika" klubunun norveçli hücumçusu Andreas Şelderup yetkinlik yaşına çatmayan şəxslərin iştirakı ilə pornoqrafik materialların yayılmasına görə 14 günlük şərti həbs cəzası alıb.
Oxu.Az bu barədə VG nəşrinə istinadən xəbər verir.
Kopenhagen məhkəməsi oyunçuya şərti həbs cəzası ilə yanaşı, bir illik sınaq müddəti də təyin edib.
Xatırladaq ki, hadisə onun 19 yaşı olanda, Danimarkanın "Norşellann" klubunda çıxış etdiyi dövrdə baş verib. Şelderupun sözlərinə görə, o, videonun məzmununu tam bilmədən, yalnız ilk saniyələrini izləyərək həmin görüntünü dostuna göndərib.
Daha sonra söhbət etdiyi şəxs görüntülərin qanunsuz məzmun daşıdığını bildirəndə futbolçu videonu dərhal silib.
Qeyd edək ki, cari mövsümdə Şelderup "Benfika"da 17 oyun keçirərək iki qol vurub və iki məhsuldar ötürmə verib.