Meksika millisinin futbolçuları amerikalı videobloqer "SteveWillDoit" (əsl adı Stiven Deleonardis) tərəfindən hədiyyə edilən "Rolex" saatlarını geri qaytarıblar.
Oxu.Az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Bütün futbolçularımız qarşılıqlı razılıq əsasında kontent müəllifi "SteveWillDoit"in öz təşəbbüsü ilə hədiyyə etdiyi saatları ona geri qaytarmaq qərarına gəlib", - deyə açıqlamada bildirilir.
"YouTube" platformasında 1.5 milyondan çox izləyicisi olan Stiven Deleonardis dünya çempionatının 1/16 final mərhələsində Ekvadora qarşı keçirilən və Meksikanın 2:0 hesablı qələbəsi ilə başa çatan oyundan əvvəl hər futbolçuya bir "Rolex" saatı hədiyyə edib.
Bloqerin sözlərinə görə, hədiyyələrin ümumi dəyəri 1 milyon dollar olub. Hər bir saatın qiyməti isə 30 min dollardan 90 min dollara qədər dəyişib.
Deleonardis bu addımını Meksikada yaşaması və komandanın Ekvador üzərində qələbəsinə 2 milyon dollar mərc etməsi ilə izah edib. Onun sözlərinə görə, bu mərcdən təxminən 1 milyon dollar mənfəət əldə edəcəkdi ki, bu da futbolçulara hədiyyə etdiyi saatların ümumi dəyərinə bərabər idi.
"The Athletic" nəşrinin məlumatına görə, bu hədiyyə etik baxımdan suallar doğurub. Belə ki, FIFA-nın Etika Məcəlləsinin 21-ci maddəsinə əsasən, simvolik və ya cüzi dəyərə malik olmayan, qərarlara təsir göstərə və ya maraqlar toqquşmasına səbəb ola biləcək hədiyyələrin qəbul edilməsi qadağandır.
Qaydanın pozulmasına görə 12 500 dollardan başlayan cərimə və iki ilədək futbolla bağlı fəaliyyətdən kənarlaşdırılma cəzası nəzərdə tutulur.
Dünya çempionatının ev sahiblərindən biri olan Meksika millisi 1/8 final mərhələsində İngiltərə ilə qarşılaşacaq. Oyun iyulun 6-da Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.