"Portu" heyətini "Milan"ın meksikalı hücumçusu Santiaqo Ximeneslə gücləndirib.
Oxu.Az xəbər verir ki, tərəflər arasında razılaşmaya əsasən, 25 yaşlı futbolçu 2026/27 mövsümünün sonuna qədər Portuqaliya klubunda icarə əsasında çıxış edəcək.
Müqavilədə Ximenesin transfer hüquqlarının 18 milyon avroya satın alınması ilə bağlı opsion yer alıb. Bu məbləğə əlavə olaraq 2 milyon avroyadək bonusların nəzərdə tutulduğu bildirilir.
Müəyyən şərtlərin, o cümlədən futbolçunun oyun sayının və digər performans göstəricilərinin yerinə yetirilməsi halında satınalma maddəsi məcburi xarakter daşıya bilər.
Santi Ximenes 2025-ci ilin əvvəlində "Feyenoord"dan "Milan"a transfer olunub. O, "Milan"ın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, yeddi qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun Milan karyerasına zədələr də təsir göstərib və o, 2025-ci ilin dekabrında topuğundan əməliyyat olunub.
