Futbol üzrə Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi Amerika futbol liqasının (MLS) Ulduzlar matçı üçün heyətdən kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, siyahıdan cənubi afrikalı Mbekezeli Mbokazi ("Çikaqo Fayr" klubunun müdafiəçisi) və Rodriqo De Paul ("İnter Mayami"nin yarımmüdafiəçisi) da çıxarılıb.
Qərarın səbəbləri açıqlanmayıb. Lakin hər üç futbolçu iyulun 19-da başa çatan dünya çempionatında iştirak edib. Argentina millisi finala qədər irəliləyib və həlledici oyunda İspaniyaya 0:1 hesabı ilə (əlavə vaxtdan sonra) məğlub olub. CAR yığması isə tarixində ilk dəfə mundialın pley-off mərhələsinə yüksəlib və 1/16 finalda Kanadaya 0:1 hesabı ilə uduzaraq turniri başa vurub.
MLS-in Ulduzlar matçı iyulun 30-na keçən gecə keçiriləcək. Messi üç dəfə bu tədbirin iştirakçı siyahısına daxil edilsə də, indiyədək heç vaxt həmin oyunda meydana çıxmayıb.