"Sumqayıt"ın futbolçusu Səbuhi Abdullazadə Misli Premyer Liqasının ilk turu çərçivəsində "Neftçi" (1:3) ilə oyunda qırmızı vərəqə aldıqdan sonra özünə xəsarət yetirib.
Oxu.Az Futbolinfo.az-a istinadən xəbər verir ki, o, matçın 74-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmzı vərəqə alaraq meydandan qovulub.
Futbolçu meydanı tərk edərkən stadionunun dəhlizindəki qapının şüşəsinə zərbə vurub. Bu zaman böyük şüşə parçası qırılaraq onun ayağının üstünə düşüb.

Saytın yazdığına görə, futbolçu özünü ciddi şəkildə zədələyib və bu, onun karyerasını bitirməsinə səbəb ola bilər.
Məsələ ilə bağlı "Sumqayıt" FK-ya sorğu ünvanladıq.
Klubun mətbuat katibi Zaur Xudiyev Oxu.Az-a bildirib ki, futbolçu meydanı tərk etdikdən sonra qapının şüşəsini ayağı ilə sındırıb və bu, onun xəsarət almasına səbəb olub.

"Lakin bu, futbolçunun karyerasına təsir etməyəcək. Bu gün ərzində əməliyyat olunacaq. Bundan sonra onun sağalma-bərpa müddəti müəyyənləşəcək. Hazırda onun karyerasına təsir edəcək məqam yoxdur", - deyə Z.Xudiyev bildirib.