Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Millimizin baş məşqçisi: Azərbaycan niyə də Avropa çempionatına çıxmasın?
Azərbaycan millisindəki yoluma Zaqrebdə başlamaq gözəldir.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan millisinə baş məşqçi təyin olunmuş xorvatiyalı mütəxəssis Nikola Yurçeviç novilist.hr saytına müsahibəsində deyib.
Yurçeviç AÇ-2020-nin final mərhələsinə yüksəlmək istədiklərini söyləyib:
“Robi (millimizin sabiq baş məşqçisi Robert Prosineçkini nəzərdə tutur – S.M.) Azərbaycanda dərin iz qoyub, insanlar onu sevib və hələ də sevirlər. Buna görə işimə başlamağım çox asan olacaq. Azərbaycan yığmasını çalışdırmaq imkanı qazandığım üçün çox sevinirəm. Bu, əla hadisədir və məndə əlavə motivasiya yaradıb. Gözləntilər nədir? AÇ-2020-nin seçmə mərhələsində qrupumuzda yer alan hər komandanın arzuları var. Bu da başadüşüləndir.
Xorvatiya qrupda ən güclü komandadır, bunu xüsusi qiymətləndirməyə ehtiyac yoxdur. Ancaq biz də hər kəsi təəccübləndirməyin yollarını axtaracağıq. Azərbaycan niyə də Avropa çempionatına çıxmağın xəyallarını qurmasın? Təbii ümid bu deyil?”
52 yaşlı çalışdırıcı yığma ilə bağlı onu narahat edən məqamlara da toxunub:
“Azərbaycan yığması keçmişdə də rəqiblərini təəccübləndirməyi bacarıb. Elə Xorvatiya ilə Bakıdakı son oyunu (həmin matç 0:0 başa çatmışdı – red.) xatırlatmaq kifayətdir. Burda əsas problem belə nəticələrin davamlılığının olmamasındadır. Milliyə ən çox oyunçu verən “Qarabağ” və “Neftçi”nin bəzi matçlarını izləmişəm. Onların heyətində çox yaxşı, təcrübəli futbolçular var. Ancaq millidə heyətin genişliyi məsələsində problem var. Ümid edirəm ki, komandamla razılaşıb, seçmə mərhələ oyunlarına çıxacağıq”.
Xatırladaq ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ilk görüşünü martın 21-də Zaqrebin “Maksimir” stadionunda dünya ikincisi Xorvatiyaya qarşı keçirəcək.
Səbuhi MUSAYEV