Xəbər verdiyimiz kimi, futzal üzrə Avropa çempionatının final mərhələsində millimiz İspaniya ilə D qrupunun son matçını keçirib.
Oxu.Az xəbər verir ki, son Avropa çempionlarına qarşı matçda yığmamız 0:1 hesabı ilə yenilərək üç xalla qrup ikincisi olub.
Millimizin baş məşqçisi Joze Alesio da Silva əvvəlcə İspaniya ilə oyundan danışıb:
“Bilirdik ki, bizi çətin oyun gözləyir. İlk oyundan sonra növbəti mərhələyə vəsiqəni təmin etsək də, qrup liderliyi uğrunda sona qədər mübarizə apardıq. Birinci pilləni tutmaq istəyirdik. Ancaq qarşımızdakı dünyanın ən güclü yığmalarından biri idi.
Rəqib topa daha çox nəzarət edən tərəf oldu. Buna baxmayaraq, biz də qol vurmaq üçün epizodlar yaratdıq. Təəssüf ki, həmin epizodları realizə edə bilmədik”.
Braziliyalı məşqçi 1/4 finalda qarşılaşacağımız Portuqaliya ilə oyun haqda da fikirlərini bildirib:
“Növbəti rəqibimiz Portuqaliya millisi çempionatın favorit komandalarındandır. Heyətlərində Rikardinyo kimi istənilən saniyədə matçın taleyini həll edəcək oyunçu var.
Komandama inanıram. Hazırlaşacağıq. İki-üç oyunçumuzun yüngül zədəsi var. Ümid edirik ki, onlar son oyunda komandamıza kömək edəcəklər”.
İspaniya millisinin baş məşqçisi Xose Venansio Lopes Azərbaycanla oyun haqda danışıb:
“İlk oyundan sonra qrupda vəziyyət fərqli idi. Yer aldığımız mövqe bizi qələbə qazanmağa vadar edirdi. Rəqibimizə isə heç-heçə də kifayət edəcəkdi ki, növbəti mərhələyə birinci pillənin sahibi kimi vəsiqə qazansın.
Onları topsuz qoymağı tapşırmışdım. Azərbaycan millisinin heyətində ağıllı, texnikalı oyunçular çoxdur. Çətin olsa da, bunu bacardıq. Rəqibin hesabı bərabərləşdirmək üçün şansları oldu”.
Qeyd edək ki, 1/4 finalda bu gün Serbiya - Qazaxıstan və Sloveniya - Rusiya görüşləri keçiriləcək. Sabah isə Portuqaliya - Azərbaycan və Ukrayna - İspaniya görüşləri baş tutacaq. Millimizin oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
S.T.
www.oxu.az